Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə İran İslam Respublikasının İtaliyadakı səfiri Məhəmmədrza Səburi RAI, radiosuna müsahibəsində İranın özünü müdafiə etmək hüququnu vurğulayaraq ABŞ və sionist rejimi müharibənin başlanmasında məsul tərəf kimi qiymətləndirərək bildirib ki, Tehran təcavüz dayandırılana və qarşıdurmaların davamlı şəkildə sona çatmasına qədər müqaviməti davam etdirəcək.
Aşağıda İran səfirinin RAI Radio ilə müsahibəsinin tam mətninin tərcüməsini təqdim edirik.
Cənab səfir, İtaliya hökuməti və ictimaiyyəti gərginliyin artmasından narahatdır. İtaliyaya məxsus bir baza hücuma məruz qalıb. Baş verənlərlə bağlı nə deyə bilərsiniz? Belə bir şəraitdə xalqlarımız arasında dostluqdan necə danışmaq olar?
Aydındır ki, mövcud müharibə ABŞ və sionist rejimin qanunsuz və əsassız təcavüzü ilə başlayıb. İtaliya vətəndaşlarından müxtəlif qeyri-rəsmi yollarla aldığımız məlumatlara əsasən, bu ölkənin ictimaiyyəti də gərginliyinin səbəbləri və müharibənin kim tərəfindən başlandığı barədə kifayət qədər məlumatlıdır.
İtaliya bazasına və digər bəzi hədəflərə edilən hücumlarla bağlı isə hələlik hücumun mənbəyi və icraçısı müəyyən edilməyib. Bununla belə, nəzərə almaq lazımdır ki, İranı təslim etdirmək məqsədilə həyata keçirdiyi hərbi əməliyyatlarda uğursuzluğa düçar olan təcavüzkar düşmən, Türkiyə və Azərbaycan kimi üçüncü ölkələrə qarşı əməliyyatlar həyata keçirməklə İranın bu ölkələrlə münasibətlərini pozmağa çalışır.
Bu çərçivədə ABŞ İranın “Şahid” pilotsuz uçuş aparatına bənzər “Lukas” adlı, bir PUA istehsal edib. İtaliya bazasına qarşı hücum da bu kontekstdə həyata keçirilmiş ola bilər.
İran və İtaliya iki qədim mədəniyyətə malik xalq kimi tarixi bağlara sahibdir. İtaliya ictimaiyyətinin mövcud müharibənin səbəblərini düzgün dərk etməsi bizim üçün dəyərlidir. İran mədəniyyətində dostlar çətin günlərdə özlərini göstərirlər.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin sərbəst keçməsinin təmin olunması üçün kömək istəyib. Sizin ölkəniz buna necə reaksiya verəcək?
Hörmüz boğazı bağlanmayıb, lakin ABŞ və sionist rejimin təcavüzü nəticəsində yaranmış şəraitə görə gəmilərin hərəkəti xüsusi qaydalar çərçivəsində həyata keçirilir. Heç bir sahilyanı dövlət, o cümlədən İran, belə bir vəziyyətdə düşmənə məxsus gəmilərin sərbəst hərəkətinə icazə verə bilməz.
Silahlı qüvvələrimiz bu hərəkətə nəzarət edir və təcavüzdə iştirak etməyən tərəflər bizim icazəmiz və koordinasiyamız ilə boğazdan keçə bilirlər.
Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Rusiya və Çin sizi dəstəkləyir. Bu, gərginliyin daha da artmasına səbəb ola bilməzmi?
Rusiya və Çin bizim strateji tərəfdaşlarımızdır və əvvəllər də müxtəlif sahələrdə, o cümlədən hərbi məsələlərdə əməkdaşlığımız olub və bu əməkdaşlıq davam edir.
Gərginliyin artması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu müharibə bizim başladığımız müharibə deyil. Biz yalnız özümüzü müdafiə edirik və bu çərçivədə bütün imkanlarımızdan istifadə edirik.
Gərginliyin qarşısını almaq və onun davam etməməsi üçün əsas şərt təcavüzün dayandırılmasıdır.
Siz İraq, Suriya və Fars körfəzi regionu ölkələrində müəyyən mövqeləri bombalayır və bunu ABŞ və İsrailin hücumlarına cavab kimi izah edirsiniz. Bu ölkələrin bir çoxu İtaliyanın strateji tərəfdaşlarıdır. İranın strategiyası nədir?
İranın strategiyası tam aydındır və beynəlxalq hüquq, eləcə də BMT nizamnaməsi çərçivəsində həyata keçirilir. Ölkəmiz təcavüzə məruz qalıb və bu səbəbdən BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququna malikdir. İran əleyhinə hücumlar regiondakı ABŞ hərbi bazalarından həyata keçirildiyi üçün biz də həmin bazaları hədəfə alırıq.
Hazırda münaqişənin üçüncü həftəsinə daxil olmuşuq. İran şəhərləri bombalanaraq həm yerli, həm də beynəlxalq mənbələrə görə minlərlə mülki şəxs zərər görüb. Bu gün ölkədə vəziyyəti necə qiymətləndirirsiniz və müharibənin əhaliyə real təsiri nədir?
Təəssüf ki, ABŞ və sionist rejim öz təcavüzlərində heç bir sərhəd tanımır, məktəbləri, xəstəxanaları, eləcə də tarixi və mədəni abidələri hədəfə alır. Bu isə xalqın təcavüzkarların dağıdıcı məqsədlərini daha yaxşı anlamasına səbəb olur və nəticədə İran xalqı ölkənin müdafiəsi naminə daha da sıx birləşir.
Siz atəşkəsə nail olmaq istəyirsinizmi?
Biz qürurlu müqavimət göstəririk və heç bir tərəddüd olmadan özümüzü müdafiə etməyə davam edirik. Atəşkəslə bağlı heç bir bəyanat verilməmiş və hesab edirik ki, müharibə elə şəkildə başa çatmalıdır ki, bir daha təkrarlanmasın.
ABŞ Prezidenti Donald Tramp bir neçə saat əvvəl bildirib ki, İran dərhal Qərb bazalarına hücumları dayandırmasa, “tarixdə görünməmiş bir bədəl ödəyəcək”. O həmçinin əlavə edib ki, “Tehran zərərsizləşdirilənə qədər” heç bir diplomatik vasitəçiliyi qəbul etməyəcək. İran ABŞ və İsrailin hərbi gücü qarşısında özünü necə müdafiə edə bilər?
Özümüzü müdafiə etmək imkanımız müharibənin ilk 17 günündə artıq sübut olunub və ABŞ da bunu yaxşı bilir. Biz bu müharibəni başlamamışıq və hücumlarımız qarşı tərəfin açıq təcavüzünə cavab xarakteri daşıyır. Əgər bizim zərbələrimizdən narahatdırlarsa, ən doğru yol təcavüzü dayandırmaqdır. İran xalqının öz tarixi və mədəni irsini qorumaq əzmi heç vaxt zəifləməyəcək.
Rəyiniz